BDU-da velosiped dayanacağı tikiləcək.

Bu barədə “Həftə İçi”nə açıqlama verən universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov bildirdi ki, layihəni hazırlamaqda onların əsas məqsədi tələbələrin rahatlığını təmin etmək və ətraf mühiti qorumaqdır.

“Velosiped dayanacağı ilə bağlı təklifi tələbələrdən aldıq. Bu təklifi çox bəyəndiyimiz üçün layihə formasında hazırlayaraq universitet rəhbərliyinə təqdim etdik. Universitet rəhbərliyi layihəni çox bəyəndi və həyata keçirilməsi üçün razılıq verdi.” Velosiped dayanacağının universitetin həyətində hansı ərazidə tikilməsinin nəzərdə tutulmasına gəlincə: “Dayanacaq hər kəsin görə biləcəyi, umumi piyada gediş-gəlişinə mane olmayan göz önündə tikiləcək. Təbii ki, bu yolla biz ətraf mühiti də qorumuş olacağıq. Layihənin icrasına yaxın günlərdə başlanacaq. Düşünürəm ki, BDU-nun bu layihəsi digər universitetlər üçün təkan olacaq.”
Qeyd edək ki, komitə sədri universitet daxilində siqaret çəkilməyinin ləğv olunması ilə bağlı da layihə hazırlayır.

Azərbaycanda yetim uşaqlar təhsil haqqından azad edildi

Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad ediliblər.

Nazirlər Kabinetindən verilən məlumata görə, “Orta ixtisas təhsili müəssisələrinin nümunəvi nizamnaməsi” və “Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsi”nə müvafiq dəyişikliklər edilib. Bu dəyişiklərə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl orta ixtisas, ali təhsil müəssisələrində təhsil aldıqları müddətdə onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Eyni dəyişiklik rezidentura və doktorantura təhsilinə də şamil edilib.